CƏMİYYƏT
Qazaxıstan Azərbaycanla miqrasiya sahəsində əməkdaşlığa dair qanun layihəsini təsdiqləyib
Nur-Sultan, 28 aprel, АZƏRTAC
Qazaxıstan parlamentinin aşağı palatası (Məclis) plenar iclasında “Qazaxıstan Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi haqqında” qanun layihəsi təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstanın daxili işlər naziri Yerlan Turqumbayev bildirib.
O qeyd edib ki, bu sənəd iki ölkənin təcrübə, statistika və məlumat mübadiləsi aparmasına, qanunsuz miqrasiya problemlərinin həllinə və ikili vətəndaşlıqla mübarizəsinə imkan verəcək. Həmçinin Qazaxıstan və Azərbaycan vətəndaşlarının da hüquqi statusu müəyyənləşdiriləcək.
Turqumbayev hazırda Qazaxıstan ilə Azərbaycan arasında əməkdaşlığın qonşuluq, tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq, aktual mövzularda mövqelərin yaxınlığı ruhunda inkişaf etdiyini də bildirib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan