DÜNYA
Qazaxıstan Parlament Məclisi torpaqların əcnəbilərə icarəsi və satışını qadağan edən qanun layihəsini təsdiqləyib
Nur-Sultan, 15 aprel, AZƏRTAC
Qazaxıstan Parlament Məclisi (aşağı palata) torpaqların xarici ölkə vətəndaşlarına icarəsi və satışını qadağan edən qanun layihəsini təsdiqləyib.
AZƏRTAC ölkənin parlament saytına istinadla xəbər verir ki, sənəd baxılması üçün Senata göndərilib.
Məclisin plenar iclasının ikinci oxunuşunda “Torpaq münasibətləri ilə bağlı bəzi qanunvericilik aktlarında dəyişiklik və əlavələr edilməsi haqqında” qanun layihəsi təsdiqlənib.
Sənəd torpaq sahələrinin xarici ölkə vətəndaşlarına, eləcə də şirkətində xarici payı olan hüquqi şəxslərə icarəsi və satışının qadağan edilməsini nəzərdə tutur.
Xatırladaq ki, 2021-ci il martın 12-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev kənd təsərrüfatı torpaqlarının xarici ölkələrin hüquqi şəxslərinə satılması və icarəyə verilməsini qanuni olaraq qadağan etmək barədə təlimat vermişdi.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan