SİYASƏT
Qazaxıstan ictimaiyyətinə Azərbaycanın keçdiyi müstəqillik yolundan bəhs edilib
Uralsk,1 noyabr, AZƏRTAC
Mahambet Utemisov adına Qərbi Qazaxıstan Dövlət Universitetində Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan tədbir keçirilib.
Universitetin müəllim və tələbə heyəti qarşısında çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Sovet İttifaqının süqutundan sonra Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən danışıb. Səfir Azərbaycanın siyasi, iqtisadi uğurlarını xüsusi qeyd edərək, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. O, 25 il əvvəl bərpa edilən müstəqilliyin qorunmasından, möhkəmləndirilməsindən, xüsusən də ulu öndər Heydər Əliyevin uğurlu neft strategiyasından bəhs edib.
Diplomat Azərbaycan xalqının ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verərək, bütün beynəlxalq təşkilatların Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirib. Səfir ölkəmizdə multikulturalizmin Azərbaycan modeli haqqında da iştirakçılara məlumat verib. Qeyd edib ki, məhz Prezident İlham Əliyevin uğurlu xarici və daxili siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə mühüm nailiyyətlər əldə edib.
Azərbaycanın bütün sahələrdə inkişaf etdiyini deyən Rəşad Məmmədov ölkəmizin turizm imkanları haqqında da geniş məlumat verib. Səfir, həmçinin Azərbaycan ilə Qazaxıstan arasında mövcud siyasi-iqtisadi əlaqələrin inkişaf templərinə toxunub. Hazırda ölkələrimiz arasında ticari əlaqələrin inkişafının vacibliyini diqqətə çatdıran R.Məmmədov bununla bağlı silsilə tədbirlər haqqında danışıb. Qazaxıstanın geniş tərkibdə iş adamlarının Azərbaycana səfər edəcəyini deyən diplomat vurğulayıb ki, qarşılıqlı səfərlər Azərbaycanda istehsal olunan məhsulların Qazaxıstanın bütün bölgələrinə ixracına müsbət təkan verəcək. Eləcə də Qazaxıstan məhsullarının Azərbaycan bazarına çıxışında intensivlik yaranacaq.
Sonra müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Uralsk