CƏMİYYƏT
Qazaxıstan parlamentində TÜRKPA-nın yubiley plenar iclasına hazırlıq məsələləri müzakirə olunub
Nur-Sultan, 17 sentyabr, AZƏRTAC
Qazaxıstan Məclisinin sədri Nurlan Niqmatulin Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupovla görüşüb.
AZƏRAC xəbər verir ki, görüşdə TÜRKPA-nın 10-cu yubiley plenar iclasına hazırlıq məsələləri müzakirə edilib.
Qeyd edək ki, Parlament Assambleyasının yubiley plenar iclasının bu il Qazaxıstanda keçirilməsi planlaşdırılmışdı, lakin koronavirus pandemiyası səbəbindən tədbir gələn ilədək təxirə salındı.
Məclisin sədri Nurlan Niqmatulin ümidvar olduğunu bildirib ki, pandemiya ilə bağlı vəziyyətin sabitləşməsi türkdilli ölkələrin parlamentarilərinin əməkdaşlığın perspektivlərini daha geniş formatda müzakirə etmələrinə imkan yaradacaq.
TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov Assambleyanın cari fəaliyyəti barədə məlumat verib, üzv ölkələrin deputatlarının sağlamlıq məsələlərində fəal şəkildə qarşılıqlı əlaqə qurduqlarını qeyd edib.
Görüşdə tərəflər türkdilli ölkələrin parlamentarilərinin geniş məsələlər üzrə səmərəli əməkdaşlığına bundan sonra da əmin olduqlarını bildirdilər.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan