DÜNYA
Qazaxıstan paytaxt Astananın 18 illiyini qeyd edir
Bakı, 6 iyul, AZƏRTAC
İyulun 6-da Qazaxıstan Paytaxt Gününü qeyd edir. Bayram tədbirləri təkcə paytaxt Astanada deyil, bütün respublikada keçirilir.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Ali Soveti 1994-cü il iyulun 6-da paytaxtın Alma-atı şəhərindən o vaxt Akmola adlanan şəhərə köçürülməsi barədə qərar qəbul etmişdi. Paytaxtın rəsmi köçürülməsi isə 1997-ci il dekabrın 10-da baş vermişdi. Prezident Nursultan Nazarbayevin sərəncamı ilə 1998-ci il mayın 6-da Akmola şəhərinin adı dəyişdirilərək Astana adlandırılmışdı. 2008-ci ildə isə iyulun 6-sı Paytaxt Günü elan edilib. Bu tarixə əsasən hazırda Astananın 18 yaşı tamam olur.
İyulun 6-sı təkcə paytaxtın deyil, eyni zamanda, 76 yaşını qeyd edən prezident Nursultan Nazarbayevin ad günüdür. Prezidentin rəsmi saytında qeyd edilir ki, yeni paytaxtın yaradılması ideyası dövlət başçısına məxsusdur.