REGİONLAR
Qazaxıstan səfiri muxtar respublikanın istehsal potensialı ilə tanış olub
Naxçıvan, 12 dekabr, AZƏRTAC
Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qonaq əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.
“Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istilik panelləri və dam örtükləri istehsalı müəssisəsi ilə tanışlıq zamanı diplomata məlumat verilib ki, müəssisədə 5620 kvadratmetr sahədə dam örtükləri, istilik panelləri və boyama istehsalı xətləri yaradılıb, müasir avadanlıqlar quraşdırılıb.
Sonra Naxçıvan Biznes Mərkəzi ilə tanışlıq olub. Bildirilib ki, mərkəzin sərgi salonunda 94 müəssisənin 196 növdə məhsulu, 65 ailə təsərrüfatında istehsal olunan 20 növdə, 157 çeşiddə məhsul, sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş etdirilir.
“Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində səfirə bu müəssisənin istehsal gücü, burada istehsal olunan məhsulların çeşidi haqqında ətraflı məlumat verilib. Gündəlik maksimum istehsal gücü 2000 kvadratmetr olan müəssisədə klassik ağ və qara suyollu travertin məhsulları ilə yanaşı, Naxçıvan sədəfi və qara inci mərmər, sienit də istehsal edilir.
Serjan Abdıkarimov səfər çərçivəsində Duzdağ Fizioterapiya Mərkəzi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Nuh Peyğəmbərin məzarüstü və Möminə Xatun türbələri ilə də tanış olub.