DÜNYA
Qazaxıstan yarım ildə 7,3 milyon ton neft emal edib
Bakı, 17 avqust, AZƏRTAC
Qazaxıstanın bu ilin ilk yarısında emal etdiyi neftin miqdarı 5,4 faiz artaraq 7 milyon 338 min ton olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyindən bildirilib. Bu ilin yanvar-iyun aylarında ölkədəki “Pavlodar” neft-kimya zavodunda 2 milyon 648 min ton, “PetroKazakhstan” neft emalı zavodunda 1 milyon 895 min ton, “Atırau” emalı zavodunda 2 milyon 508 min ton və digər kiçik müəssisələrdə isə 287 min ton olmaqla bütövlükdə 7 milyon 338 min ton neft emal edilib.
Sözügedən dövrdə ölkədə 1 milyon 544 min ton benzin, 110 min ton təyyarə yanacağı, 2 milyon 127 min ton dizel və 1 milyon 515 min ton da müxtəlif növ yanacaq istehsal olunub.
İstehsal etdiyi neftin əsas hissəsini xam maddə olaraq ixrac edən Qazaxıstan, son dövrdə neft emalının ölkə daxilində aparılmasına üstünlük verir.