SİYASƏT
Qazaxıstanda IV “Böyük Çöl” Beynəlxalq Humanitar Forumu keçirilib
Bakı, 25 iyun, AZƏRTAC
Beynəlxalq Türk Akademiyası (BTA) tərəfindən Qazaxıstanın paytaxtı Nur-Sultanda təşkil olunan IV “Böyük Çöl” Beynəlxalq Humanitar Forumunda dünyanın 21 ölkəsindən 250-yə yaxın nümayəndə iştirak edib. Tədbirdə Azərbaycanı Milli Məclisin deputatları, diplomatlar, elm xadimləri və jurnalistlərdən ibarət geniş nümayəndə heyəti təmsil edib.
AZƏRTAC xəbər verir ki, BTA-nın prezidenti Darxan Kıdıralinin moderatorluğu ilə başlayan Forumda Qazaxıstan və Qırğızıstan prezidentlərinin beynəlxalq elmi toplantının işinə ünvanlanan təbrik məktubları oxunub. D.Kıdırali bildirib ki, builki forumun təşkilində əsas məqsəd Türk dünyasının və türk xalqlarının bəşəriyyətin inkişafına verdiyi töhfələri elmi cəhətdən müzakirə etməkdir.
Forumun açılış panelində Qazaxıstan Təhsil və Elm naziri Aşat Aytmaqambetov, Monqolustanın ilk Prezidenti Oçirbat Puntsalmaagiyin, Qırğızıstan parlamentinin ilk sədri Medetxan Şerimkulov, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, UNESKO Türkiyə Milli Komissiyasının rəhbəri Oğuz Öcal məruzə ilə çıxış ediblər.
“Türk dövlətçiliyinin yaranma və inkişaf tarixi”, “Türk dünyasında folklor və ədəbiyyatın aktual məsələləri”, “Türk dünyasının etnik və mədəni xüsusiyyətləri”, “Müasir türkologiya: yeni yanaşmalar”, “Avrasiyada inteqrasiya prosesi: məkan və zaman üfüqləri” və digər mövzulardan ibarət 6 paneldə davam edən forumun bir paneli bütövlükdə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunub.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun, Türkiyə, İran, Özbəkistan, Qırğızıstan, Monqolustanın bu ölkədəki səfirlərinin də qatıldığı tədbirdə Milli Məclisin deputatları Cavanşir Feyziyev “Dünya mədəniyyətinin inkişaf tarixində türklər”, professor Elman Nəsirov “Türk dünyasında inteqrasiya prosesləri çərçivəsində Аzərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı”, AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Türk ədəbiyyatında Nəsiminin yeri”, AMEA-nın Rəyasət Heyətinin elmi katibi, Ağahüseyn Şükürov “Böyük Azərbaycan şairi Səməd Vurğun və qazax ədəbiyyatı” mövzularında geniş məruzələrlə çıxış ediblər.
Forum çərçivəsində Türk dünyasında elmi fəaliyyətin, tədqiqatların inkişafı və dəstəklənməsinə verdikləri töhfəyə, türkologiyanın inkişafındakı xidmətlərinə görə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənova, Monqolustanın ilk Prezidenti Oçirbat Puntsalmaagiyinə, Qırğızıstan parlamentinin ilk sədri Medetxan Şerimkulova, Qazaxıstan MEA-nın müxbir üzvü, antropoloq professor Orazak Smaqulova, Dünya Tatarları Konqresi İcraiyyə Komitəsinin rəhbəri professor Damir İşakova Beynəlxalq Türk Akademiyasının qızıl medalı təqdim olunub.
Tədbirdə Beynəlxalq Türk Akademiyasınin yeni işıq üzü görmüş nəşrlərinin və deputat Cavanşir Feyziyevin BTA tərəfindən qazax dilinə tərcümə olunmuş beşcildlik “Türk dünyası” kitabının təqdimatı da keçirilib.