DÜNYA
Qazaxıstanda əcnəbilərdən əlavə vergi tutulacaq
Bakı, 6 noyabr, AZƏRTAC
Qazaxıstanda turizm imkanlarının təbliğinin genişləndirilməsi məqsədilə çəkilən xərclərin qarşılığı olaraq, hökumət turistlər üçün yeni vergi tətbiq olunmasını ictimaiyyətlə müzakirə edir.
AZƏRTAC Qazaxıstan KİV-lərinə istinadla bildirir ki, mədəniyyət və idman nazirinin müavininin məsləhətçisi Yerkebulan Hasenov Sahibkarların Milli Palatasında turizmin inkişafına həsr edilmiş çıxışında Qazaxıstanın marketinq və turistlərin cəlb edilməsi sahəsində bir çox dövlətlərdən geri qaldığını deyib. “Hazırda dünyada Azərbaycan, Qırğızıstan, Özbəkistan və Monqolustan haqqında daha çox bilirlər, nəinki Qazaxıstan barədə. Mən hələ heç Gürcüstanı demirəm. Bütün bunlar adı çəkilən ölkələrin bu məsələyə əsaslı yanaşmasının nəticəsidir və onlar özlərinin tanıdılmasına daha çox vəsait xərcləyirlər”,- deyə məsləhətçi bildirib.
V.Hasenov onu da diqqətə çatdırıb ki, bu sahədə qabaqcıl təcrübəyə malik ölkələrin marketinq üzrə orta büdcə göstəricilərinə yaxınlaşmaq üçün hazırkı Qazaxıstanın
büdcəsini 1 milyon dollardan 6-7 milyon dollara çatdırmaq tələb olunur. Həmin vəsaiti əldə etmək üçün isə “Bed Tax” deyilən gecələmə vergisinin tətbiqi təklif edilib. Turist yığımlarından əldə edilən əlavə vəsaiti isə marketinq və tanıtma xərclərinə yönəltmək olar: “İlk mərhələdə biz yalnız xarici ölkə vətəndaşlarından bir gecə üçün 2 dollar vəsait yığılmasını nəzərdə tuturuq. Bu addımın atılması sayəsində hər il 4-5 milyon dollar əlavə vəsait əldə etmək mümkün olacaq”.