QAN YADDAŞI


Qazaxıstanda tədbir: Xocalı qətliamını unutma

Türkistan, 29 fevral, AZƏRTAC

Qazaxstanın Türkistan şəhərində yerləşən Əhməd Yəsəvi Universitetində Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə anım mərasimi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, universitetdə təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü, Əhməd Yəsəvi Universitetinin rəhbərliyi və Çimkənd şəhərindəki Azərbaycan icmasının dəstəyi ilə baş tutan tədbirdə ali təhsil müəssisəsinin rektoru, professor-müəllim heyəti, tələbələr, habelə Türkistan vilayəti və Çimkənt şəhərində yaşayan diaspor nümayəndələri iştirak ediblər.

Tədbirdə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərinin dinc əhalisinə qarşı törətdiyi görünməmiş vəhşiliklər və soyqırımı cinayəti haqqında geniş məlumat verilib.

Universitetin prorektoru professor Ceniz Tomar qeyd edib ki, bu cür vandallıq aktları erməni daşnakları tərəfindən hələ ötən əsrin əvvəllərində Türkistanda, Anadoluda və Qafqazın müxtəlif bölgələrində də törədilib. Cəzasız qalan azğın düşmən əsrin sonunda eyni cinayəti Xocalıda təkrarlayıb, yüzlərlə günahsız qoca, qadın və uşağı qətlə yetirib. Eyni zamanda, Azərbaycan əraziləri işğal olunub.

Çimkənd şəhərindəki Azərbaycan icmasının rəhbəri Natiq İbrahimov Xocalı soyqırımının bütün insanlıq əleyhinə cinayət olduğunu, ona görə də hər kəs tərəfindən qınanmasının vacibliyini qeyd edib. O, təşkilatçılığa və dəstəyə görə Əhməd Yəsəvi Universitetinin rəhbərliyinə təşəkkür edib.

Tədbirdə şəhidlərin ruhuna dualar oxunub, tələbələr tərəfindən türk dünyasını birlik və bərabərliyə səsləyən vətənpərvərlik mahnıları səsləndirilib.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Türkistan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.