ELM VƏ TƏHSİL
Qazaxıstanda universitet tələbələrinə Azərbaycan tarixindən danışılıb
Nur-Sultan, 21 may, AZƏRTAC
Nur-Sultanda yerləşən KAZGUU Universitetində Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun ölkəmizin diplomatik xidmət orqanlarının 100 illiyinə və iki dövlət arasında münasibətlərə həsr olunan mühazirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, mühazirə zamanı Azərbaycan tarixinin qədim dövrlərdən başlayaraq müxtəlif mərhələlərinə nəzər salınıb.
Rəşad Məmmədov tariximizin mühüm səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti üzərində xüsusilə dayanıb. O, müstəqil dövlət quruculuğunun mürəkkəbliyindən, Cümhuriyyət irsinin əhəmiyyətindən danışıb. Səfir Azərbaycanın tarixində sovet dövrünə və dövlət müstəqilliyinin bərpa olunmasına da toxunub. Mühazirə zamanı dinləyicilərə ölkənin problemləri, o cümlədən Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi barədə məlumat verilib.
Səfir Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Qazaxıstanın Birinci Prezidenti Elbası Nursultan Nazarbayevin əvəzsiz xidmətləri olduğunu vurğulayıb. Rəşad Məmmədov bu gün uğurlu siyasi yolun Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev tərəfindən uğurla davam etdirildiyini deyib.
Mühazirənin sonunda diplomat dinləyicilərin çoxsaylı suallarını cavablandırıb. İştirakçılara Azərbaycan Xalq Cümhuriyyətinin son günlərindən bəhs edən “Son iclas” filmi nümayiş olunub.
Tədbirin sonunda səfirlik tərəfindən dinləyicilərə fəxri sertifikatlar təqdim edilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan