Qazaxıstanda yanvar iğtişaşları zamanı 230 nəfər həlak olub
AzerTAg.az

Bakı, 14 mart, AZƏRTAC
Qazaxıstanda yanvar ayının əvvəlində baş verən kütləvi iğtişaşlar nəticəsində 230 nəfər həlak olub.
AZƏRTAC Qazaxıstan KİV-nə istinadla xəbər verir ki, bu rəqəmləri ölkənin Baş prokuroru Berik Asılov bu gün Məclisin (parlamentin aşağı palatası) iclasında çıxışı zamanı səsləndirib. “Həmin hadisələr nəticəsində ümumilikdə 230 nəfər, o cümlədən 19 hərbçi və təhlükəsizlik xidmətinin əməkdaşları həlak olub. Ölüm hallarının əksəriyyəti Almatı şəhərində qeydə alınıb - 139 nəfər”, - deyə o bildirib.
Berik Asılovun sözlərinə görə, ölənlərin 20-si təsadüfən atəş altında qalanlar və ya blokpostlarda hərbçilərin tələblərinə tabe olmayanlardır. Həmçinin iğtişaşlar zamanı təhlükəsizlik xidmətinin əməkdaşları da daxil olmaqla 3,5 min hərbçi xəsarət alıb.
2022-ci ilin ilk günlərində Qazaxıstanın Janaozen və Aktau şəhərlərində maye qazın qiymətinin iki dəfə bahalaşmasına qarşı etiraz aksiyaları başlayıb. Sonradan digər şəhərlərə, o cümlədən respublikanın ən böyük şəhəri Almatıya yayılan aksiyalar kütləvi iğtişaşlara çevrilib. Qazaxıstan hökumətini istefaya göndərən Prezident Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasına rəhbərliyi əlinə alaraq respublikada fövqəladə vəziyyət rejimi elan edib. O, həmçinin Qazaxıstana hərbi dəstək göstərməsi üçün KTMT-yə müraciət edib.
Xəbərin mətnində orfoqrafik səhv var