CƏMİYYƏT


Qazaxıstanın Almatı şəhərində Qələbə günü və Ulu öndərin anım mərasimi ilə bağlı tədbir keçirilib

Almatı, 10 may, АZƏRTAC

Qazaxıstanın Almatı şəhərində faşizm üzərində tarixi Qələbənin 76-cı və ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Qazaxıstan Parlamentinin deputatları, Azərbaycan səfirliyinin əməkdaşları, Qazaxıstan Xalqı Assambleyasının üzvləri, bu ölkədə yaşayan müxtəlif xalqların nümayəndələri, nüfuzlu ictimai-siyasi xadimlər, icma fəalları iştirak ediblər.

Qazaxıstan Parlamentinin deputatı, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedov bildirib ki, faşizm üzərində tarixi Qələbənin qazanılmasında digər xalqlarla yanaşı, Azərbaycan və Qazaxıstan xalqının misilsiz xidmətləri olub. Yüz minlərlə azərbaycanlı və qazax Berlinədək şanlı döyüş yolu keçib və partizan dəstələrinin tərkibində vuruşaraq qələbədə inamlı rol oynayıblar.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin konsulu Ülvi Baxşaliyev deyib ki, mayın 9 və 10-da Azərbaycan xalqı iki önəmli tarixi günü ardıcıl qeyd edir. Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə əsaslı töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb, onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Qələbədə, həmçinin Azərbaycan nefti həlledici rol oynayıb. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz edilib.

Diplomat diqqətə çatdırıb ki, anadan olmasının 98-ci ildönümünü fəxarətlə qeyd etdiyimiz ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərmiş, onları “xalqımızın qızıl fondu” adlandırmışdır. Bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi çağdaş tariximizdə əbədiləşmiş, vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Ulu Öndərin əsasını qoyduğu strateji xətti inkişaf etdirərək Prezident İlham Əliyev erməni faşizmi üzərində tarixi Qələbəni təmin etmişdir. Bunun nəticəsidir ki, bu il Azərbaycan xalqı ilk dəfə olaraq 1941-1945-ci illər faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin sevinc hissi ilə birgə ikiqat qürur hissi ilə qeyd edir.

Tədbirn ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan hissəsində tanınmış elm xadimləri və diaspora fəalları geniş məruzə ilə çıxış ediblər. Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədr müavinləri Allahverdi Məmmədov, Qəhrəman Sadiyev və Eyvaz Məmmədhəsənov, Qazaxıstan Xalqları Assambleyasının veteran üzvü, nüfuzlu ictimai xadim və alim Asılı Osmanqızı, yazıçı Nəsihə Qumarqızı, “Filiya” Qazaxıstan Yunanları Assosiasiyasının sədri Georgi İordanidi və digərləri Ulu Öndərin fəaliyyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirin sonunda müharibə veteranlarına Qazaxıstan Azərbaycanlıları Assosiasiyası adından hədiyyələr təqdim olunub.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Almatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.