SİYASƏT
Qazaxıstanın Atırau şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi qeyd edilmişdir
Atırau, 30 aprel (AZƏRTAC). Azərbaycanın Aktaudakı baş konsulluğu ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar Atırau şəhərində X.Dosmuxamedov adına Atırau Dövlət Universiteti ilə birlikdə tədbir keçirmişdir.
Tədbirdə universitetin müəllimləri və tələbələri, jurnalistlər, şəhər ictimaiyyətinin nümayəndələri, Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Novruz” milli mədəni Cəmiyyətinin üzvləri iştirak etmişlər.
Universitetin rektoru, professor Beybit Mamrayev tədbir iştirakçılarına ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat vermiş, onun Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında, iki qardaş xalq arasında əlaqələrin möhkəmlənməsində rolundan danışmışdır.
Rektor Qazaxıstanın qərb vilayətlərində fəaliyyət göstərən bir neçə ali təhsil müəssisəsində, o cümlədən X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində təhsil alan tələbələrə baş konsulluq tərəfindən Heydər Əliyevin adı ilə bağlı birdəfəlik təqaüdlərin verilməsini yüksək qiymətləndirmişdir.
Azərbaycanın Aktaudakı baş konsulu Rəşad Məmmədov ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmlənməsində əvəzsiz xidmətlərindən danışmışdır.
R.Məmmədov universitetin müxtəlif fakültələrindən seçilmiş əlaçı, özündə liderlik xüsusiyyətləri daşıyan beş tələbəyə Heydər Əliyev təqaüdünə layiq görülməsi haqqında sertifikatları, ölkəmizin tarixini və mədəniyyətini əks etdirən suvenirləri, baş konsulluq tərəfindən nəşr etdirilmiş “İki xalq – bir tale” kitablarını, həmçinin 500 dollar məbləğində təqaüdü təqdim etmişdir.
Atırau vilayətində yaşayan azərbaycanlıların “Novruz” milli mədəni Cəmiyyətinin sədri Eldar Əhmədov çıxış edərək ümummilli lider Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan danışmış, Ulu Öndərin bu siyasətinin hazırda uğurla davam etdirildiyini vurğulamışdır.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Atırau