DÜNYA
Qazaxıstanın Jambıl bölgəsində baş verən kütləvi iğtişaşlarla əlaqədar 90-a yaxın cinayət işi açılıb
Jambıl, 19 fevral, AZƏRTAC
Qazaxıstanın Jambıl vilayətində baş vermiş kütləvi iğtişaşlarla əlaqədar hüquq-mühafizə orqanları tərəfindən 90-a yaxın cinayət işi başlanıb.
Bu barədə Qazaxıstan Daxili İşlər nazirinin birinci müavini Marat Kojayev məlumat verib.
AZƏRTAC xəbər verir ki, hadisə ilə əlaqədar kütləvi iğtişaşlar, qarət və quldurluq faktları üzrə cinayət işi açılıb. İstintaqa idarələrarası istintaq-əməliyyat qrupunun rəhbərlik etdiyini bildirən nazir müavini hadisələrin genişmiqyaslı olduğunu, prosessual hərəkətlərin həyata keçirildiyi və zəruri ekspertizaların aparıldığını deyib.
M.Kojayevin sözlərinə görə, cinayət-prosessual qanunvericiliyi ilə bağlı araşdırmanın ümumi müddəti iki aydır. Əgər əlavə tədqiqatlar, ekspertizaların təyin edilməsi tələb olunarsa bu müddət qanunvericilikdə nəzərdə tutulan qaydada uzadıla bilər.
Xatırladaq ki, Qazaxıstanın cənubundakı Jambıl vilayətinin Korday kəndində kütləvi dava nəticəsində 10 nəfər həlak olub, 50 nəfər xəsarət alıb. İğtişaşlar nəticəsində 50 nəfər saxlanılıb. Hadisələrin gedişində 25 fərdi evə, 31 kommersiya obyektinə və 41 avtomobilə ziyan dəyib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Jambıl