Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyasının tələbələri Bakı səhnəsində VİDEO
AzerTAg.az
Bakı, 31 mart, Xanım Nağıyeva, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyasının tələbələri konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan ilə Qazaxıstanı ümumi tarixi köklər, ortaq zəngin milli-mədəni irs birləşdirdiyini və ölkələrimiz arasında mövcud əlaqələrin günbəgün genişlənməkdə olduğunu söyləyib.
"Azərbaycan ilə Qazaxıstan arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. Bunun bariz nümunələrindən biri də Bakı Xoreoqrafiya Akademiyası ilə Qazaxıstan Milli Xoreoqrafiya Akademiyası arasındakı əməkdaşlığımızdır. Bugünkü konsert Qazaxıstan xoreoqrafiya sənətinin təqdimatı kimi bizim üçün çox əhəmiyyətlidir. Ümid edirəm ki, hər iki akademiyanın müəllim və tələbələri arasında əməkdaşlıq gələcəkdə daha da inkişaf edəcək", - deyə nazir müavini vurğulayıb.
Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev Mərkəzi Asiyada xoreoqrafiya sahəsində peşəkar təhsilə malik ilk ali təhsil ocağı olan akademiyanın hazırda Azərbaycanla yanaşı Fransa, Çin, Rusiya, Yaponiya və digər ölkələrin aparıcı təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Azərbaycanda keçirilən ilk konsertin təşkilinə görə minnətdarlığını bildirən səfir, Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının gənc yaradıcı heyətinin daha böyük uğurlara imza atacağına əminliyini ifadə edib.
Konsertdə Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyasının tələbələri dünya klassik balet sənətinin nümunələri ilə yanaşı müasir, həmçinin Qazaxıstanın milli balet sənəti və xalq rəqsləri ilə zəngin olan repertuarla çıxış ediblər.







Xəbərin mətnində orfoqrafik səhv var