QAN YADDAŞI


Qazaxıstanlı deputat: 20 Yanvar hadisələrini Almatı faciəsinə bağlayan bir mübarizlik bağlantısı var

Bakı, 20 yanvar, AZƏRTAC

Biz - ata-babaları ötən əsrin 30-cu illərində Azərbaycanın 11 rayonundan Orta Asiya çöllərinə və Qazaxıstana sürgün edilən indiki nəslin davamçıları hər zaman tarixi Vətənimizin uğurları ilə sevinmiş, kədəri ilə üzülmüşük. Bu gün qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan dünya dövlətləri içində sürətlə inkişaf edən və siyasi cəhətdən qüdrətli bir ölkəyə çevrilib. Qəhrəmanlıq dastanları yazan xalqımız 20 Yanvar olaylarında haqsızcasına və ədalətsiz tapdandısa bununla yenidən dövlət müstəqilliyini bərpa edərək Sovet İmperiyasına qarşı mərdliklə mübarizə apararaq müstəqilliyə gedən yolunu möhkəmləndirdi.

Bu fikirləri Qazaxıstan Parlamenti Məclisinin millət vəkili, Qazaxıstan Azərbaycanlıları İctimai Birliyinin prezidenti Əbülfəz Xamedov AZƏRTAC-a açıqlamasında deyib.

“Biz 20 Yanvar hadisəsinin iştirakçısı olmasaq da doğulub boya-başa çatdığımız Vətənimiz Qazaxıstanda – Cənub paytaxtımız Almatı şəhərində 1986-cı il dekabrın 16-da onlarla əliyalın qazax qardaşlarımızın imperiya qəddarlığı nəticəsində gülləbaran edilməsinin şahidi olmuşduq. Həmin vaxtlarda Qazaxıstan müstəqilliyinə qovuşa bilmədisə də azad və sərbəst yaşamaq istəyini, arzusunu ifadə edə bildi”, - deyə Əbülfəz Xamedov vurğulayıb.

Onun sözlərinə görə, 1986-cı il Almatı faciəsini 1990-cı il Bakı olaylarına bağlayan bir mübarizlik bağlantısı var. Bakı şəhərində və Azərbaycanın digər bölgələrində çökməkdə olan imperiya xalqımızın müstəqillik iradəsini qıra bilmədi. Şəhid olan qəhrəmanlarımızın şücaəti və cəsarəti sayəsində məhz Sovet İmperiyasının süquta uğradığı gerçəkləşdi.

20 Yanvar şəhidləri ilə fəxr etdiyini diqqətə çatdıran Ə.Xamedov deyib: “Onların əziz xatirəsi qarşısında ehtiramla baş əyir və xatirələrinin heç zaman unudulmayacağını bildirirəm. 20 Yanvar hadisəsi zamanı Azərbaycan xalqının iradəsi, Vətənin, torpaqların bütövlüyünü qorumaq məsələsində düşüncələrin vəhdətliyi özünü bir daha göstərdi.

Xüsusilə buradan qazax və həm də Azərbaycan xalqının oğlu sayılan görkəmli ictimai xadim Oljas Süleymenova xalqımızın haqlı davasında daim yanında olduğu üçün şəxsən öz adımdan və Qazaxıstan azərbaycanlıları adından minnətdarlığımı bildirməyi özümə borc hesab edirəm”.

“Azərbaycana qarşı olan haqsız, ədalətsiz işğalçılıq siyasəti də məhz 20 Yanvar faciəsinin 30-cu ilində Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində 44 gün içində sona çatdırıldı və torpaqlarımız erməni işğalından azad edildi. Biz xaricdə yaşasaq da həmişə tarixi vətənimizin müsəlləh əsgəriyik. Dünya azərbaycanlılarının da Prezidenti olan İlham Əliyevin bir çağırışı ilə səsinə səs verməyə hazırıq.

Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizi isə heç vaxt unutmayacağıq”, - deyən Qazaxıstan Parlamenti Məclisinin millət vəkili fikirlərini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.