SİYASƏT
Qazaxıstanlı tarixçi: Son hadisələr Ermənistan hakimiyyətinin əsl mahiyyətini göstərdi
Nur-Sultan, 16 iyul, AZƏRTAC
Azərbaycanın Tovuz bölgəsində baş verən hadisələr məni və bir çox qazaxıstanlını narahat edir.
Bu sözləri AZƏRTAC-a qazaxıstanlı tarixçi Arman Suleymenov bildirib.
İyulun 12-də silahlı qarşıdurma yaranandan sonra Ermənistan rəhbərliyi KTMT-yə müraciət edərək iclas çağırılmasını tələb edib. Ermənistan bununla KTMT-nin hərbi-siyasi blokuna daxil olan ölkələrə, o cümlədən Qazaxıstana qarşı çıxmaq istəyir, bununla türk dövlətləri arasında qarışıqlıq yaratmağa çalışır. Bu vəziyyətdə təxribatlara uymaq lazım deyil.
Arman Suleymenov bildirib ki, 30 ildən çoxdur Azərbaycan Ermənistanın təcavüzündən əziyyət çəkir. Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və yeddi rayonu işğal edib.
“Mən bilirəm ki, azərbaycanlılar heç vaxt təcavüz etməzlər, başqasının da torpaqlarında gözləri yoxdur. Ancaq onlar öz torpaqları uğrunda sonadək mübarizə aparacaqlar. Son hadisələr Ermənistan hakimiyyətinin əsl mahiyyətini göstərdi. Onlar sülh istəmirlər”, - deyə Arman Suleymenov qeyd edib.
Müharibənin informasiya məkanına keçdiyini və internetin saxta məlumatlar yayan saxta saytlarla dolduğunu vurğulayan tarixçi informasiya mühitində təxribatlara yol verilməməsinin vacibliyini bildirib. O deyib: “Ola bilsin ki, Ermənistan hakimiyyəti hərbi münaqişəni alovlandırmaqla diqqəti ölkə daxilində həll edə bilmədiyi problemlərdən yayındırmağa çalışır. Onlar üçün öz ambisiyaları xalqın maraqlarından daha üstündür. Ağıllı rəhbər əsgərlərini və mülki şəxslərini risk altına ataraq hərbi təxribatlara yol verməz.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan