REGİONLAR


Qazaxlı fermerlər kələm sahələrində bol məhsul yetişdiriblər VİDEO

Qazax, 22 sentyabr, Famil Quliyev, AZƏRTAC

Qazax rayonunun Çaylı kəndində torpaq sahibləri baş və gül kələm növlərini əkib-becərirlər. Hazırda rayonda kələm yığımı davam edir.

Fermer Novruz Qocayev AZƏRTAC–ın müxbiri ilə söhbətində deyib: “Bir hektar sahədə baş kələm əkmişəm. Sahələrə aqrotexniki qaydada qulluq olunub. Hektardan 35-40 ton məhsul gözləyirəm. Yığım oktyabrın axırınadək davam edəcək. Heç bir gübrədən də istifadə etməmişəm. Gələn il əkin sahəsini 5 hektara çatdıracam. Məhsulun satışında da problem yaşanmır, elə sahədə satırıq.”

Digər kənd təsərrüfatı məhsullarına nisbətən baş kələmi yığmaq elə də çətin deyil. Bu bitkinin becərilməsində əsas şərtlərdən biri su ilə təminatdır. Fermerlər kələm sahəsini 12-13 dəfə suvardıqlarını deyirlər.

Kələmin ən çox istifadə olunan növlərindən biri də gül kələmdir. Çaylı kəndində gül kələminin yığımına başlanmadığı üçün sahələrdə ziyanvericilərə qarşı mübarizə və suvarma işləri görülür. Təxminən 15-20 günə gül kələminin də yığımına başlanacaq.

Fermer Arif Adıgözəlov bildirib ki, 1,5 hektar ərazidə gül kələmi əkib. Üç ildir gül kələmi əkən fermer deyir ki, bir hektar sahədən 15-20 ton məhsul götürmək mümkündür. Sahibkar gələcəkdə əkin sahələrini 3 hektara çatdırmağı planlaşdırır.

Gül kələmi məişətdə əsasən salatlarda və bəzi xörəklərdə istifadə olunur. Qeyd edək ki, Qazax rayonunda ötən il 435 hektar ərazidə kələm də daxil olmaqla, tərəvəz əkilib və 10 min 446 ton məhsul tədarük edilib. Bu il tərəvəz əkini bir qədər də artırılaraq 438,3 hektara çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.