REGİONLAR
Qazaxlı məktəblidən hərbçilərimizə dəstək FOTO VİDEO
Qazax, 5 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Torpaqlarımızı işğaldan azad edən hərbçilərimizə hər kəs arxa cəbhədə dayaq, kömək olmağa çalışır. Bu da təbii ki, xalq-ordu birliyinin təzahürüdür. Xalqımız bir yumruq kimi birləşib. Böyükdən-kiçiyə hər kəsin arzusu Qarabağımızın düşmən işğalından azad edilməsidir.
AZƏRTAC xəbər verir ki, Qazax rayon Kosalar kəndində yaşayan məktəbli özünə saz almaq üçün yığdığı pulu tərəddüd etmədən Silahlı Qüvvələrə Yardım Fonduna keçirib.
Arxa cəbhənin də öz qaydaları var. Bu qaydalar ön cəbhədə xidmət edən, düşmənlə döyüşlərə qatılan əsgərlərimizə dayaq, dəstək olmaqdır. Nə qədər ki, bu dəstək çox olacaq, o zaman yumruğumuz da, birliyimiz də güclü olacaq. Qazax rayonunun Kosalar kəndinin Rüstəmovlar ailəsi də bu gün bu birliyi arxa cəbhədə nümayiş etdirirlər. Ailə başçısı, 70 yaşlı Cavanşir Rüstəmov deyir ki, şeirlər yazmaqla özünü sanki əsgərlərimizin yanında hiss edir. Müharibə başlayandan demək olar ki, hər gün onlara yeni bir şeir yazıb. “Müzəffər Azərbaycan Ordusu ona görə qalib ordu sayılır ki, o, başqalarının torpağında döyüşmür. Öz doğma torpaqlarımızda haqq savaşımızı aparırıq”, – deyə ailə başçısı əlavə edib.
Ailənin ən kiçik üzvü, babasının adını daşıyan 8 yaşlı balaca Cavanşir də ordumuzun qələbələrinə sevinir, hər kəsin necə səfərbər olduğunu görür. O, musiqi məktəbinə - saz sinfinə gedir. Hamının orduya dəstək olduğunu görən balaca Cavanşir əsl adına layiq addım atıb. Topladığı vəsaiti silahlı qüvvələrə yardım fonduna keçirib. “Mənim sazım balaca olduğuna görə pul yığırdım ki, böyük saz alım. Sonra gəldim babama dedim ki, yığdığım 28 manat pulu əsgərlərimizə göndərim, özlərinə isti paltarlar alsınlar. Sonra onlara məktub da yazıb göndərdim”, - deyə Cavanşir bildirib.
Balaca Cavanşirin bu nümunəvi addımını eşidib, onun arzusunu reallaşdıran şəxslər də olub. Belə ki, Cavanşirə istədiyi saz hədiyyə edilib.
Səkkiz yaşlı məktəblinin əsgərlərimizə göndərdiyi yardım bu balacanın ürəyinin böyüklüyündən, Vətən sevgisindən xəbər verir.
Nəzərə alsaq ki, damlalar dəryalar yaradır, hər dəstəyin, hər köməyin ordumuz üçün indi böyük əhəmiyyəti var. İstər mənəvi, istər maddi olsun. İndi daha çox həmrəy olmalı və birlik göstərməliyik. Çünki müzəffər ordumuzun bayraq sancacağı ellərimiz həsrətlə yolumuzu gözləyir.