“Qazetiajara” qəzetində ümummilli lider Heydər Əliyev haqqında geniş material dərc olunub
AzerTAg.az

Tbilisi, 13 may, AZƏRTAC
Acarıstan Muxtar Respublikası ərazisində dərc olunan və geniş oxucu auditoriyasına malik “gazetiajara” qəzetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar geniş material dərc olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Batumidəki Baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə işıq üzü görən məqalədə Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilir.
Bildirilir ki, açıq zəkaya, bilik və bacarığa malik olan Heydər Əliyev gənc yaşlarından dövlət orqanlarında çalışmağa başlayıb.
Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində çalışdığı qısa müddət ərzində diqqət və bacarığı ilə seçilən Heydər Əliyev 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
O, 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.
Qeyd olunur ki, Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Vətənpərvərliyi ilə seçilən Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyəti ilə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
Lakin Vətənin ağır günündə kənarda qala bilməyən Ulu Öndər 1990-cı ilin iyulunda Azərbaycana qayıdır. Əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü ildə dövlət müstəqilliyimizin itirilməsi təhlükəsi yarandıqda xalq Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyulun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunub.
Məqalədə bildirilir ki, Heydər Əliyev qonşu və dost Gürcüstan ilə əlaqələrə böyük önəm verib. İki ölkə arasında əlaqələrin inkişafına hər iki ölkə başçılarının qarşılıqlı rəsmi səfərlərin nəticəsində xüsusi təkan vermişdir. Bu baxımdan Heydər Əliyevin 1996-cı ilin martında Gürcüstana ilk rəsmi səfəri xüsusi qeyd olunur.
1996-cı il martın 9-da Gürcüstan Parlamentinin xüsusi iclasında Prezident Heydər Əliyev Azərbaycanın xarici siyasəti və iqtisadi inkişafı haqqında geniş çıxış haqqında məqalədə bu məsələlər geniş işıqlandırılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Xəbərin mətnində orfoqrafik səhv var