CƏMİYYƏT


Qazi Məhəmməd Fətullayev: Səngərlər mənə ev, silahdaşlarım isə doğmalarım oldular

Bakı, 28 oktyabr, AZƏRTAC

Vətən müharibəsi qazisi Fətullayev Məhəmməd Rövşən oğlu 2001-ci il iyulun 8-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanıb. Goranboydakı "N" saylı hərbi hissədə xidmət edib. Məhəmmədin hərbi xidməti bitirməsinə üç ay qalmış Vətən müharibəsi başlayıb.

M.Fətullayev AZƏRTAC-ın müxbiri ilə müsahibəsində deyib: “Müharibə başlayanda 1 il üç aya yaxın idi ki, həqiqi hərbi xidmətdə idim. Sentyabrın 27-də əks-hücum əmri veriləndə mən də Vətənin bir övladı kimi silahıma sarılıb irəli atıldım. Tərtər rayonunun Suqovuşan və Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak etdim. Arzum sonacan getmək idi. Çox təəssüf ki, oktyabrın 1-də Suqovuşanda yaxınlığıma düşən minaatan mərmisi bu arzumu ürəyimdə qoydu. İki ayağım, qarnım, sağ gözümün altı və üstü qəlpə yarası aldı. Minaatan mərmisinin dalğası bağırsağımda qanaxmaya səbəb oldu. Ağır yaralandığımdan döyüşləri davam etdirə bilmədim. Döyüş yoldaşlarım mübarizəni davam etdirib Suqovuşan qəsəbəsi və Talış kəndini işğaldan azad etdilər. Bu xəbəri alanda yaralarım, ağrılarım yadımdan çıxdı. 44 günün sonunda qazanılan böyük Zəfər isə aldığım xəsarətləri unutdurdu".

Qazinin sözlərinə görə, gözləri qarşısında silahdaşlarının şəhid olmasına nə qədər sarsılsa da, döyüş əzmi qırılmayıb, əksinə intiqam və nifrət hissi güclənib: “Döyüş yoldaşlarının insanın gözləri qarşısında şəhid olması həqiqətən də çox ağırdır. Lakin bu, bizim gözümüzü qorxutmurdu. İlk gündən bilirdik ki, müharibə asan deyil. İtkiyə də, şəhidliyə də, ağır xəsarətə də hazır olmalısan. Ona görə də qısa müddətdə özümüzü toplayıb irəli atılırdıq. Şəhidlərimizin qisasını almaqla təsəlli tapırdıq. Şəhid və qazi olan silahdaşlarımın hamısı qəhrəmandır. Səngərlər mənə ev, silahdaşlarım isə doğmalarım oldular. Döyüş yoldaşlarımı və müharibədə yaşadığım qürurlu, həyəcanlı və ölümlə üz-üzə gəldiyim təhlükəli anları unutmayacağam".

Vətən müharibəsi qazisi “YAŞAT” Fondunun əməliyyat xərclərinin ödənilməsinə dəstək göstərdiyini, o cümlədən dövlət tərəfindən mənzillə təmin edildiyini qeyd edərək göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Məhəmməd Fətullayev ölkə başçısının sərəncamları ilə “Cəsur döyüşçü” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.