REGİONLAR


Qazi Universiteti, AzTU və MDU-nun işbirliyi çərçivəsində elmi seminar keçirilib

Bakı, 1 dekabr, AZƏRTAC

Türkiyənin Qazi Universiteti, Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universitetinin (MDU) işbirliyi çərçivəsində 30 noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunan “İnformasiya təhlükəsizliyi: təhlükələr və müdafiə mexanizmləri” mövzusunda elmi seminar keçirilib. Noyabrın 29-dan dekabrın 1-dək davam edən seminarda tərəfdaş universitetlərin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər.

Mingəçevir Dövlət Universitetindən AZƏRTAC-a bildiriblər ki, “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən üçtərəfli elmi seminarın açılışında Qazi Universitetinin rektoru Musa Yıldız, AzTU-nun rektoru Vilayət Vəliyev və MDU-nun rektoru Şahin Bayramov çıxış ediblər.

Açılış nitqlərində seminar iştirakçılarını salamlayan hər üç universitetin rektorları əməkdaşlığın uğurla davam etdirilməsindən məmnunluqlarını ifadə edib, işbirliyi çərçivəsində qısa müddət ərzində atılan real addımlardan və əldə olunan nailiyyətlərdən danışıblar. İkitərəfli və üçtərəfli formatlarda əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşən rektorlar seminarın əhəmiyyətini diqqətə çatdırıb, sözügedən elmi tədbirin təşkilində əməyi olanlara təşəkkürlərini bildirib və iştirakçılara uğurlar arzulayıblar.

Sonra MDU-da fəaliyyət göstərən Qazi Universitetinin professoru Ercan Nurcan Yılmazın moderatorluğu ilə elmi seminar birinci bölmədə məruzələrlə işinə davam edib. Qazi Universitetinin Elm İnstitutunun İnformasiya təhlükəsizliyi mühəndisliyi üzrə bölüm rəhbəri, dosent Murat Dener “Simsiz sensor şəbəkələrdə kibertəhlükəsizlik”, AzTU-nun Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının müəllimləri Validə Məmmədova “ISO/IEC 27001 – İnformasiya təhlükəsizliyinin idarə edilməsi standartı”, Əfsanə Yusifzadə “İnternetdə informasiya təhlükəsizliyi problemləri”, MDU-nun İnformasiya texnologiyaları kafedrasının müəllimləri Günel Baxşıyeva “İot cihazlarını təqib edən kibertəhlükələr” və Şəbnəm Nəsirova “Şəbəkələrdə informasiya təhlükəsizliyinin təmini” mövzularında çıxış ediblər.

Noyabrın 30-da MDU-da fəaliyyət göstərən Qazi Universitetinin professoru Cemal Yılmazın moderatorluğu ilə elmi seminarın ikinci bölməsi üzrə məruzələr dinlənilib. Qazi Universitetinin Texnologiya fakültəsinin dosenti İbrahim Alper Doğru “Mobil təhlükəsizlik”, AzTU-nun Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının baş müəllimi Esmira Mustafayeva “İnformasiyanin gizli ötürülməsi kanalları və onların internet üzərindən reallaşdırılması imkanları”, MDU-nun İnformasiya texnologiyaları kafedrasının müəllimləri Leyla İsmayılzadə “Ali təhsil müəssisəsində informasiya təhlükəsizliyinin bəzi aspektləri”, Validə Nuriyeva “Virtual mühitdə kiber hücumlardan qorunma üsulları” və Nərmin Əhmədova “Blokçeyn texnologiyalarında təhlükəsizlik nəzarətinin tədqiqi” mövzularında çıxış ediblər.

Dekabrın 1-də AzTU-nun professoru Vaqif Qasımovun moderatorluğu ilə keçirilən üçüncü bölmədəki çıxışlarla seminarın işinə yekun vurulub. Proqrama uyğun olaraq sonuncu bölmədə MDU-nun qonaq professoru Ercan Nurcan Yılmaz “Kritik infrastrukturlar və kritik infrastruktur təhlükəsizliyi”, AzTU-nun Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının müəllimləri Dilarə Quluzadə “Big Data texnologiyaları və onların təhlükəsizliyi problemləri”, Anar İsmayılov “Müasir bank sistemlərində beynəlxalq təhlükəsizlik standartları”, MDU-nun İnformasiya texnologiyaları kafedrasının müəllimləri Səadət Aslanova “İnformasiya təhlükəsizliyində elektron və asan imza texnologiyası” və Məryəm Əsədova “Ağıllı şəhərlərdə enerji təminatının intellektual idarə edilməsi” mövzularında məruzə ediblər.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb və təqdim edilən suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da akademik potensialın gücləndirilməsi və hərtərəfli inkişaf etdirilməsi məqsədilə yerli və xarici tərəfdaş universitetlərlə birgə fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.