CƏMİYYƏT
Qazi: “YAŞAT” Fonduna ianə edənlər şəhid ailələrinin, qazilərin ehtiyaclarının ödənilməsində yaxından iştirak edirlər VİDEO
Bakı, 14 sentyabr, AZƏRTAC
“YAŞAT” Fondu tərəfindən müalicə almaq üçün Türkiyəyə göndərilən və sağalaraq Vətənə geri dönən qazimiz, baş leytenant Havil Seyfullayev təəssüratlarını bölüşüb.
AZƏRTAC xəbər verir ki, baş leytenant deyib: “Ötən il ölkə başçısının elan etdiyi qismən səfərbərlik zamanı ehtiyatda olsam da döyüşə çağırılanlar sırasında idim. Bu məqamı çoxdan gözləyirdim. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsində ehtiyatdan döyüşə çağırılan 23 zabit bir yerə toplandıq və son nəfəsimizə kimi döyüşməyi qarşımıza məqsəd qoyduq. Mən artilleriya qoşunlarında idim. Düşmənlə aramızda müəyyən qədər məsafə olurdu. Elə anlar olurdu ki, silahımızı götürüb düşmənlə üzbəüz döyüşmək, onları torpaqlarımızdan daha tez qovub çıxarmaq istəyirdik. Çox şükür ki, buna 44 gün ərzində nail olduq”.
Baş leytenant, həmçinin bildirib: “Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Haramı düzündə yaxınlığıma mərmi düşməsi nəticəsində ağır yaralandım. Qəlpə üz nahiyəmdən dəymişdi. İlk öncə dişlərimin töküldüyün hiss etdim. Silah yoldaşlarımın köməyi ilə döyüş zonasından çıxarıldım və hospitala yerləşdirildim. Sonra müalicəm Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında davam etdirildi. O zaman həzm borusuna nazoqastral zond taxılmışdı. Səhhətim elə idi ki, sağ qalacağıma ümidim yox idi. “YAŞAT” Fondunun dəstəyi ilə müalicə üçün Türkiyəyə göndərildim. Müalicəm və əməliyyatlarım uğurla nəticələndi. Əməliyyatdan sonra suyu damcı-damcı, şprislə qəbul edə bilirdimsə, indi stəkanla içə bilirəm. Bu, özü elə böyük dəyişiklikdir. Hazırda “YAŞAT” Fondunun dəstəyi ilə müalicəm davam etdirilir.
Müharibənin 44 gün ərzində Zəfərlə yekunlaşmasında xalqımızın birliyi də böyük rol oynadı. Döyüşlər zamanı xalqımızın arxamızda dayandığını hiss edirdik. Bu, bizə əlavə ruh yüksəkliyi verirdi. Əsgərlərimiz, zabitlərimiz böyük qəhrəmanlıq və şücaət göstərirdilər. Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz haqq savaşından üzüağ çıxdı. Xalq olaraq özümüzü dünyaya sübut etdik.
Döyüşlər zamanı həmrəy olub bizə güc verən xalqımız müharibədən sonra da dəstəyini davam etdirir. “YAŞAT” Fonduna ianə edənlər şəhid ailələrinin, qazilərin ehtiyaclarının ödənilməsində yaxından iştirak edirlər. Buna görə də fonda ianə edənlərin hər birinə minnətdarlığımı bildirirəm”.