CƏMİYYƏT


Qazi də olsaq, şəhid də olsaq biz bunu dərk edərək Vətənimizin müdafiəsinə qalxdıq...

İstanbul, 26 oktyabr, AZƏRTAC

Uşaqlıqda hərbçi olmaq istəyirdim, ən böyük arzum isə Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək idi. Şükürlər olsun ki, həm arzuma çatdım, həm də o arzum məni Qarabağa apardı. Torpaqlar alınarkən öndə olan qrupların tərkibində idim. Demək olar ki, hər bir şeyi ilk olaraq biz görürdük. O torpaqlara ayaq basdıqda keçirdiyim hissləri sizə sözlə izah edə bilmirəm. Bir azərbaycanlı olaraq o torpaqlara ayaq qoyduqca fərəh, qürur hissi bürüyürdü hər birimizi. Biz 30 il bu torpaqların həsrəti ilə yaşadıq, bu yerlərə ayaq qoyana qədər çox çətinliklərdən keçdik. Qazi də olsaq, şəhid də olsaq biz bunu dərk edərək Vətənimizin müdafiəsinə qalxdıq və məqsədimizə çatdıq. Orada heç kim yaralanacağam və ya şəhid olacağam deyə fikirləşmirdi. Hamımızın tək amalı ancaq irəli, ancaq Qələbə idi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində “YAŞAT” Fondunun xətti ilə müalicəsi Türkiyədə davam etdirilən qazimiz Əkbər Məhərrəmov deyib.

1997-ci ildə İmişli rayonunda anadan olan qazimiz Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edib: “Sentyabrın 27-də döyüşlər başladıqda Kəlbəcər istiqamətindən daxil olduq. Düşmən tərəfindən minalanmış yeddi kilometrlik ərazini keçdik. Sonra isə geri qayıdaraq Füzulidən daxil olmamızla bağlı əmr gəldi. O istiqamətdə tapşırığa uyğun irəlilədik. Oktyabrın 4-də Cəbrayıl şəhərini bizim tabor aldı və Cəbrayılda bayrağımızı sancdıq. Məqsədimiz Şuşaya çatmaq idi”.

Noyabrın 3-də Laçın dəhlizinin azad edildiyi gün yaralanan Əkbər Məhərrəmov deyib: “Hardasa Şuşaya çatmağımıza beş yüz metr məsafə qalmışdı. Qızğın döyüş gedirdi. Ağır artilleriyadan açılan atəş nəticəsində bud-çanaq nahiyəmdən qəlpə yarası aldım. Oturaq sinir zədələndi. Beş gün orada yaralı halda qaldım. Qəlpə elə bir hissədən dəymişdi ki, oranı sarımaq da olmurdu. Birtəhər əsgər yoldaşlarımın köməkliyi ilə qanaxmanın qarşısını ala bildik. Şuşa alındıqdan sonra isə Hadruta təxliyə edildim. Orada ilkin tibbi müdaxilə edildikdən sonra Füzuli və oradan da Ağcabədi xəstəxanalarına gətirildim. Sonra isə Bakıya, Silahlı Qüvvələrin Baş Hərbi Klinik Hospitalına köçürüldüm. Bir müddət müalicə aldıqdan sonra artıq “YAŞAT” Fondu yaradılmışdı, ora müraciət etdim. Sağ olsunlar dəstəklərini əsirgəmədilər, elə fondun dəstəyi ilə də Türkiyəyə gətirildim. Bu ikinci gəlişimdir. Bundan əvvəl də Türkiyədə müalicə almışam. İndiyədək səkkiz əməliyyat keçirmişəm. Hazırda şükür edirəm, vəziyyətim olduqca düzəlib. Bud çanağı platinlə əvəz etdilər. İndi sinirlə bağlı bəzi problemlərim var. Onun da aradan qalxacağına ümid edirəm. Həkimlər də tam sağalacağımı deyirlər.

Göstərilən dəstəyə görə Ali Baş Komandan və “YAŞAT” Fonduna minnətdarlığını ifadə edən qazimiz Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə”, “Şücaətə görə” medalları, eləcə də “Qarabağ” ordeni ilə təltif edilib: “Bu gün biz artıq qalib Azərbaycanın övladları, əsgərləriyik. Bu hissi bizə yaşatdıqlarına görə başda Ali Baş Komandanımız olmaqla bütün Azərbaycan xalqına minnətdaram. Keçdiyimiz Vətən müharibəsi bizi tarixin ən şanlı Zəfərlərindən birinə apardı. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin. Lakin, hər kəs bilməlidir ki, şəhidlik çox uca məqamdır və hər kəsə qismət olmur”.

YAŞAT Fondu - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondudur. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə; işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 144 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 98-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.