DÜNYA
Qaziantepdə yerli modelyerlərin işlərindən ibarət zəngin geyim kolleksiyasının təqdimatı keçirilib VİDEO
Qaziantep, 11 oktyabr, AZƏRTAC
Türkiyənin Qaziantep şəhərində yerli modelyerlərin işlərindən ibarət zəngin geyim kolleksiyasının təqdimatı keçirilib. Bu çərçivədə fərqlənən modelyerlərə mükafatlar verilib. Bu barədə verilən məlumatlarda bildirilir ki, əsas qalib dünyanın 156 ölkəsinə ixrac edilməkdə olan Qaziantep parçasıdır.
AZƏRTAC xəbər verir ki, mədəniyyətlərin beşiyi olduğu hər addımda hiss edilən Qaziantep zəngin tarixi abidələri, əsrarəngiz təbiəti ilə yerli və xarici turistlərin xüsusi maraq göstərdikləri qədim yurddur. Regionun ən mühüm şəhərlərindən olan Qaziantep bütün bu xüsusiyyətləri ilə yanaşı, toxuma parçaları ilə məşhurdur. Türkiyənin tekstil ixracatının 21 faizi məhz Qaziantepin payına düşür. Burada istehsal edilən parçalar dünyanın aparıcı geyim firmalarının brend məhsuluna çevrilir.
Qeyd edək ki, dünyadakı iqtisadi böhrana baxmayaraq, Türkiyə, o cümlədən Cənubi Anadolu bölgəsinin ixracat göstəriciləri artmaqda davam edir. Bu bölgənin ixracatında isə tekstil, o cümlədən toxuma parçanın xüsusi çəkisi var. Yerli iş adamları bu parça növünün dünyada brendə çevrilməsi üçün orijinal addımlar atırlar.
Qaziantepdə təşkil edilən sərginin məqsədi bölgədə istehsal edilən parça növlərini gənc modelyerlərin yaradıcılıq fantaziyası vasitəsilə nümayiş etdirməkdir. Zəngin forma, rəng və çalar müxtəlifliyi ilə seçilən bir-birindən maraqlı işlərin nümayişi üçün podium olaraq Zeuqma Antik Şəhərinin seçilməsi isə tədbirə fərqli ab-hava qatıb.
Türk tekstil sektorunun nüfuzlu nümayəndələrini bir araya gətirən gecəyə qardaş ölkənin məşhurları və tanınmış sənətçiləri də böyük maraq göstəriblər.
Sərgidə 30 modelyerin işləri nümayiş edilib. Nüfuzlu mütəxəssislərdən ibarət jürinin qərarı ilə müəyyən edilən müsabiqə qaliblərinə mükafatlar təqdim edilib.
Qaziantep