ELM VƏ TƏHSİL
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində ustad dərsi
Bakı, 19 noyabr, AZƏRTAC
Noyabrın 19-da Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Qəbələ, Qax və İsmayıllı rayonlarında duala bənzər Peşə Təhsili və Təliminin yaradılması” pilot layihəsi çərçivəsində ustad dərsi keçirilib.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirin rəsmi hissəsində mərkəzin direktor müavini Camal Rəsulov Peşə Təhsil Mərkəzinin fəaliyyəti barədə iştirakçılara məlumat verib.
Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin direktoru Eyvaz Kazımov, direktor müavini Reyhan Məmmədova, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşları Səbinə Adilova, Fərrux Nəcəfov qonaqlara layihə barəsində geniş danışıblar. Videoçarx və fotoları nümayiş olunub.
Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Nigar İsmayılzadə çıxış edərək, dövlətin peşə təhsilinə qayğısı və gələcək planlardan bəhs edib.
Daha sonra ustad dərsi keçirilib.
Xatırladaq ki, “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın duala bənzər peşə təhsili və təlimi yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.