ELM VƏ TƏHSİL
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin istehsalat təcrübəsi və təlimləri davam edir
Bakı, 6 may, AZƏRTAC
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi bu tədris ilində tələbələrin istehsalat təcrübəsi və təliminə yönləndirilməsi istiqamətində rayon ərazisində fəaliyyət göstərən 60-a yaxın dövlət və özəl, sahibkarlıq və qeyri-sahibkarlıq subyektləri ilə müqavilə bağlayıb. Mərkəzin bu sahədə əsas tərəfdaşları turizm, aqrar, sənaye və digər istehsalat sahələri üzrə fəaliyyət göstərən müəssisələrdir.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu müqavilələrə əsasən 3 illik və 2 illik qrupların son kursunda təhsil alan 215 tələbə istehsalat təcrübəsi və təlimi keçir. Təcrübə müddətində tələbələr ixtisasları üzrə müəssisənin gündəlik işində birbaşa iştirak edərək nəzəri öyrənilmiş bilikləri istehsalatda tətbiq etməklə əmək bazarında tələb olunan səriştələrə yiyələnirlər.
Tələbələr elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru ixtisası üzrə “Azərişıq” ASC-nin Qəbələ Paylayıcı Elektrik Şəbəkəsində, aqroservis mütəxəssisi ixtisası üzrə “Gilan Qəbələ Aqrotexservis” MMC-də, Qəbələ Suvarma Sistemləri İdarəsində, üzümçülük və şərab ustası ixtisası üzrə “Aspi-Aqro” MMC-də, mehmanxana inzibatçısı ixtisası üzrə isə turizm obyektlərində və hotellərdə təcrübə keçirlər.
Martın 26-dan başlayan istehsalat təcrübəsi və təlimi iyunun 30-dək davam edəcək.