REGİONLAR
Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna infotur təşkil edilib
Qəbələ, 17 may, Mustafa Dadaşov, AZƏRTAC
Mayın 17-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə qoruq ərazisinə infotur təşkil olunub.
Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, infotur qoruqda ziyarətçilər üçün təklif olunan mədəni xidmətlərin tanıdılması, ziyarətçi məmnunluğunun və xidmət səviyyəsinin artırılmasında qarşılıqlı əməkdaşlıq, eləcə də mədəni irsin qorunması və təbliği sahəsində dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi məqsədi daşıyıb.
Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov infotur iştirakçılarına qoruq və Qəbələ Arxeoloji Mərkəzi haqqında ətraflı məlumat verib. Burada göstərilən mədəni xidmətlər, ziyarətçilərin marağına səbəb olan turların təşkili istiqamətində görülən işlərdən danışıb.
Dövlət Xidmətinin Qoruqların idarə olunması və istifadəsinə nəzarət sektorunun müdiri Mahir Qəhrəmanov infotura ölkəmizdə fəaliyyət göstərən 40-dan çox turizm şirkətinin nümayəndələrinin qatıldığını bildirib. Sektor müdiri qeyd edib ki, özəl sektorla biznes tərəfdaşlığının yaradılması qoruğa və bölgənin tarixi abidələrinə ziyarətçi sayını daha da artıracaq.
Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi Tərxan Tahirli idarənin nəzarətində olan tarixi abidələr haqqında ətraflı məlumat verib.
Tədbir çərçivəsində turizm şirkətlərinin nümayəndələri ilə birgə bölgədə mədəni turizmin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Sonra qonaqlar “Qafqaz Albaniyasının paytaxtı Qəbələ” filmini izləyib, Qəbələ Arxeoloji Mərkəzin sərgi salonlarına baxıb, qoruğun Səlbir və Qala ərazilərinə səfər edib, arxeoloji qazıntılar aparılan sahələrlə tanış olublar. Qonaqlar, həmçinin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Prezidentinin imzaladığı Sərəncamın icrası ilə əlaqədar Qəbələ Arxeoloji Mərkəzində təşkil olunan Şuşa şəhərinin işğaldan əvvəlki dövrünə aid tarixi-mədəni abidələri əks etdirən nadir fotoşəkillərdən ibarət sərgiyə də baxıblar.
“Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblının, “Gülüstan” və “Gülbuta” folklor qruplarının çıxışları infotur iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Qonaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar.