REGİONLAR


Qəbələ Müalicə Diaqnostika Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Qəbələ, 18 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ rayonunda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunan silsilə tədbirlər bir neçə gündür davam edir. Rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq, faciənin ildönümü ilə əlaqədar idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil məktəblərində, mədəniyyət evləri və kitabxanalarda, muzeylərdə anma mərasimləri, xatirə gecələri, konfranslar, idman yarışları, inşa yazı və rəsm müsabiqələri keçirilir, sərgilər təşkil olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar Qəbələ Müalicə Diaqnostika Mərkəzində keçirilən toplantının əvvəlində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə müəssisənin baş həkimi Ceyhun Əhmədov çıxış edərək, 20 Yanvar hadisələrinin cinayətkar mahiyyəti, onu doğuran səbəblər barədə danışıb. 1990-cı il yanvarın 20-də qaniçən sovet imperiyası ordusunun Bakı şəhərində xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə həyata keçirdiyi qətliamın xalqımıza qarşı törədilmiş ən dəhşətli cinayət olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. 20 Yanvar hadisələri Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazaraq xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar.

Çıxış edənlər 20 Yanvar gününün müasir tariximizdə xalqımızın azadlıq və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi böyük əhəmiyyət daşıdığını, gələcək nəsillər üçün əsl qəhrəmanlıq örnəyi olduğunu bildiriblər. Faciə qurbanlarının qəhrəmanlığının heç vaxt unudulmayacağı, şəhidlərin əziz xatirəsinin daim uca tutulacağı vurğulanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.