REGİONLAR


“Qəbələ Qolf Villaları”nın inşası sürətlə davam etdirilir VİDEO

Qəbələ, 18 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Qəbələ rayonunda yeni turizm və idman infrastrukturu layihələri uğurla icra olunur. Hazırda Dəmiraparan çayının sahilində, meşələrlə əhatə olunan dağların bənzərsiz gözəlliyinə açılan mənzərəli ərazidə Qolf İdman Kompleksi inşa edilir. Burada 72 hektar ərazidə qolf sahəsi salınır. Kompleksdə qolf məşq sahəsi və qolf klubu da azarkeşlərin istifadəsinə veriləcək. Həmçinin hazırda ərazidə inşası sürətlə davam etdirilən “Qəbələ Qolf Villaları” da gələcəkdə qonaqlara xoş və maraqlı istirahət imkanı təqdim edəcək.

Tikinti işlərini həyata keçirən “Gilan İnşaat” MMC-nin iş icraçısı və memarı Amin Seyfullayev AZƏRTAC-a müsahibəsində bildirib ki, “Qəbələ Qolf Villaları” ərazisində 66 villanın inşası nəzərdə tutulub. Villaların 27-sinin ərazisi 600 kvadratmetr, 30-u 800 kvadratmetr və 9-u 1000 kvadratmetr olacaq. İki ildir ki, 350 min kvadratmetr ərazidə tikinti işləri görülür və bu günədək 41 villa inşa edilib. Onların hamısında hörgü işləri başa çatdırılıb. Hazırda dam örtüyü, qapı-pəncərələr quraşdırılır, elektrik və suvaq işləri görülür.

Bundan əlavə, 25 villanın təməli qoyulub və hazırda hörgü işləri aparılır. Həmçinin ərazidə 2 ədəd üçmərtəbəli, 24 mənzilli yaşayış binası, “Spa və Əyləncə Mərkəzi” və “Uşaq bağçası” da mövcud olacaq. Villalarda və yaşayış binalarında müasir standartlara uyğun liftlər quraşdırılacaq. Bütün tikililərin qarşısında hovuz inşa edilir və hər birinin ayrıca həyətyanı sahəsi var. Villaların daxilində qonaq otağı, yemək salonu, mətbəx, fitnes salonu, cakuzi, türk hamamı, xidmətçi otağı, sanitar qovşaqlar və yataq otaqları mövcud olacaq.

Qeyd edək ki, avqustun 10-da Prezident İlham Əliyev Qəbələyə səfəri zamanı “Qəbələ Qolf Villaları”nın layihəsi ilə tanış olub, işlərin gedişi ilə maraqlanıb, tövsiyə və tapşırıqlarını verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.