CƏMİYYƏT


Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib

Bakı, 5 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərə göstərilən reabilitasiya xidmətləri ilə tanışlıq üçün Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edib.

Jurnalistlərlə görüşdə bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulur və reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm işlər aparılır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müasir cihazlar və tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunmuş Qəbələ Uşaq Reabilitasiya Mərkəzi ötən ilin dekabr ayında istifadəyə verilib. Mərkəzin məqsədinin tibbi, sosial, əmək reabilitasiya tədbirlərinin aparılması yolu ilə18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərin sosial statusunun bərpa edilməsi və onların cəmiyyətə inteqrasiyasını təmin etmək olduğu qeyd edilib.

25 çarpayılıq mərkəzdə müasir tələblərə uyğun şərait yaradılıb. Müəssisədə bölgədəki rayonlar üzrə bu günə kimi 1000-dən çox uşağa ambulator və stasionar formada səmərəli fizioterapevtik üsullar əsasında və müasir avadanlıqlardan istifadə edilməklə xidmətlər göstərilib.

Media nümayəndələrinə bildirilib ki, hazırda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzi ilə yanaşı, Bakı şəhərində 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzləri var.

Ölkəmizdə uşaq bərpa müəssisələri şəbəkəsinin genişləndirilməsi işləri çərçivəsində hazırda Şəmkir rayonunda da Uşaq Reabilitasiya Mərkəzi inşa etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.