İDMAN
“Qəbələ” - “İnter” oyununda hesab açılmayıb
Bakı, 12 avqust, AZƏRTAC
Avqustun 12-də Topaz Premyer Liqasında ikinci tur çərçivəsində “Qəbələ” Bakının “İnter” komandası ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, “Qəbələ” komandası ilk turda olduğu kimi, rəqibini “Dalğa Arena”da qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunun ilk hissəsində qapılara qol vurulmayıb.
İkinci hissədə Roman Qriqorçukun komandası bir neçə qol vəziyyəti yaratsa da, fərqlənə bilməyib. Qəbələlilər ikinci hissədə 11 bir metrlik cərimə zərbəsi vurmaq imkanı qazansalar da, top qapıdan keçməyib və görüş qolsuz heç-heçə ilə başa çatıb - 0:0
Beləliklə, komandalar bu turda hərəyə bir xalla kifayətlənib. İlk turda “Kəpəz”i 2:0 hesabı ilə məğlub edən “Qəbələ” turnir cədvəlinə başçılıq edir. “İnter” isə birinci turda çempion “Qarabağ”ı evdə 2:1 hesabı ilə məğlub etmişdi. Komandalar iki turdan sonra dörd xalı bölüşür.
Tur çərçivəsində avqustun 13-də “Kəpəz”-“AZAL” görüşü keçiriləcək. İkinci tura avqustun 14-də “Neftçi”-“Zirə” oyunu ilə yekun vurulacaq.