REGİONLAR
Qəbələ ilə Kislovodsk arasında qardaşlaşma barədə niyyət protokolu imzalanıb
Qəbələ, 14 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Rusiya Federasiyasının Stavropol vilayətinin kurort şəhəri olan Kislovodsk ilə Azərbaycanın turizm rayonu Qəbələ arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə protokol imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Kislovodsk şəhərinə səfər edib. Səbuhi Abdullayev əvvəlcə Kislovodskda təşkil edilən “Şəhər günü” bayram şənliklərinə qatılıb.
Səfər çərçivəsində Kislovodsk Administrasiyasının inzibati binasında şəhər rəhbərliyi ilə görüş keçirilib. Görüşdə Qəbələ rayonu ilə Kislovodsk şəhəri arasında kənd təsərrüfatı, sənaye, mədəniyyət və turizm sahəsində əməkdaşlıq əlaqələrinin qurulması və qardaşlaşma barədə niyyət protokolu imzalanıb. Protokolu Kislovodsk şəhər Administrasiyasının başçısı Aleksandr Kurbatov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev imzalayıb.
Həmçinin Qəbələ nümayəndə heyətinin üzvləri səfər çərçivəsində Kislovodsk şəhərinin sənaye və sanatoriya-kurort komplekslərinin fəaliyyəti ilə yaxından tanış olublar.