İDMAN
“Qəbələ” klubu Məqsəd İsayevi heyətinə qatıb
Bakı, 18 iyun, AZƏRTAC
2021-2022-ci il mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” daha bir futbolçunun keçidini rəsmiləşdirib. Bunadək Urfan Abbasovla müqavilə imzalayan “qırmızı-qaralar” Məqsəd İsayevi heyətinə qatıb.
AZƏRTAC kluba istinadla xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə ikiillik müqavilə imzalanıb.
Peşəkar karyerasına “Neftçi”də başlayan futbolçu 2013-2017-ci illərdə paytaxt təmsilçisinin formasını geyinib. O, 2018-ci ildə “Keşlə”, 2018-2020-ci illərdə “Sabah”, ötən mövsümdə “Səbail”də çıxış edib.
M.İsayev Premyer Liqada ümumilikdə 140 matç keçirib və 2 qol vurub. Futbolçu 2010-2017-ci illərdə Azərbaycan milli komandalarının şərəfini qoruyub. O, U-17, U-19, U-21 və U-23-ün formasını geyinib. Müdafiəçi U-23-ün heyətində İslam Həmrəyliyi Oyunlarının qalibi olub.