İDMAN
“Qəbələ” klubu Sloveniyada Xorvatiyanın “Dinamo” komandası ilə qarşılaşacaq
Bakı, 28 iyun, AZƏRTAC
2018/2019-cu il mövsümünün hazırlığını Sloveniyada davam etdirən “Qəbələ” futbol klubu iyunun 28-də ikinci yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” Xorvatiyanın “Dinamo” klubu ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, Zaqreb təmsilçisi ilə görüş Murska Sobota şəhərinin “Mura” stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Xorvatiyanın ən titullu klubu olan “Dinamo”nun əsası 1945-ci ildə qoyulub. Komanda 6 qat ölkə çempionu “Qradanski”nin bazasında formalaşdırılıb. Elə ilk mövsümdən Yuqoslaviya çempionatının yüksək liqasına qatılan zaqreblilər 1946/1947-ci il mövsümündə gümüş medal, növbəti il çempionluq əldə edib. Ümumiyyətlə, “Dinamo” Yuqoslaviya dönəmində 4 çempionluq və 7 kuboka yiyələnib. Avrokuboklarda da uğuru olan komanda 1966/1967-ci il mövsümündə Yarmarkalar kubokunu başı üzərinə qaldırıb. 1962/1963-cü il mövsümündə isə turnirin finalçısı olub.
Xorvatiyanın müstəqillik əldə etməsindən sonra Zaqreb klubu ölkə futbolunun aşkar liderinə çevrilib. İyirmi yeddi mövsümdə 19 dəfə çempion tituluna yiyələnən “Dinamo” 15 dəfə ölkə kubokunun sahibi olub. Zaqreblilərin ev oyunlarını “Maksimir” stadionunda keçirir. Müstəqillik illərində avrokubokların az qala daimi iştirakçısına çevrilən “Dinamo” qitə miqyaslı turnirlərdə 300-ə yaxın oyun keçirib. UEFA Çempionlar Liqasının qrup mərhələsinə düşməsi adi hala çevrilən klub 60-cı illərdəki nailiyyətlərini təkrarlaya bilməyib. Xorvatiya çempionatında növbəti dəfə qızıl medallara yiyələnən komanda 2018/2019-cu il mövsümündə Çempionlar Liqasında mübarizə aparacaq.
Xatırladaq ki, “Qəbələ” ilk yoxlama oyununda Albaniyanın “Kukesi” klubu ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.