İDMAN
“Qəbələ” klubu nigeriyalı hücumçu Ekiqo Ehiosunu yenidən heyətinə cəlb edib
Bakı, 21 sentyabr, AZƏRTAC
Topaz Premyer Liqasının VI turu çərçivəsində “Neftçi” ilə oyuna hazırlaşan “Qəbələ” heyətinə daha bir futbolçu cəlb edib.
Klubdan AZƏRTAC-a bildiriblər ki, “Qırmızı-qaralar” nigeriyalı hücumçu Ekiqo Ehiosun ilə heyətini gücləndirib. Azad agent statusu ilə komandaya qoşulan 27 yaşlı futbolçu ilə birillik müqavilə imzalanıb.
2014-2015-ci il mövsümündə icarə əsasında “Qəbələ”də çıxış edən Ehiosun “qırmızı-qaralar”ın forması ilə 32 oyunda 6 qol vurub. Bütün qollarını çempionatda vuran legioner Premyer Liqada 29, ölkə kubokunda 3 matçda forma geyib.
Futbolçu Azərbaycana ilk gəlişinə qədər vətənində “Varri Volves” (2008-2011), Türkiyədə “Samsunspor” (2011-2012) və “Gənclərbirliyi” (2012-2015) klublarında çıxış edib. 2013-2014-cü illərdə “Samsunspor”, 2014-2015-ci illərdə “Qəbələ”yə icarəyə verilən Ekiqo iki il əvvəl Türkiyəyə qayıdıb. O, “Samsunspor” (2015-2016) və “Qazişehir Qaziantep” (2016) komandalarında çıxış edib.
Ehiosun 2011-ci ildə debüt etdiyi Nigeriyanın əsas yığmasında 6 oyunda 1 qol vurub.