İDMAN
“Qəbələ” komandası Fransada “Monako” ilə qarşılaşacaq
Bakı, 11 may, AZƏRTAC
“Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandası Fransada təşkil olunan “Snaf Mondial Cup”da növbəti oyunlarını keçirib.
AZƏRTAC xəbər verir ki, “qırmızı-qaralar” 9-16-cı yerlər uğrunda mübarizədə iki matça çıxıblar. Zaur Hacıyevin baş məşqçisi olduğu komanda əvvəlcə Fransanın “Brest” klubu ilə görüşüblər. “Qəbələ” Samir Məhərrəmlinin vurduğu qolla meydandan qalib ayrılıb – 1:0. Bu qələbədən sonra 9-12-ci yerlər uğrunda çıxışını davam etdirən komandamız Fransanın digər klubu “Tuluza” ilə qarşılaşıb. 1:1 hesabı ilə başa çatan matçda “qırmızı-qaralar”ın qoluna Samir Məhərrəmli imza atıb. Görüşün qalibi isə penaltilərlə müəyyənləşib. 3:2 hesabı ilə qələbə qazanan “Qəbələ” 9-cu yer uğrunda oynamaq imkanı əldə edib.
Komandamız mayın 12-də “Monako” ilə qarşılaşacaq.
Xatırladaq ki, San-Nazer şəhərində təşkil olunan yarışa “A” qrupunda başlayan “Qəbələ” bu mərhələdə “Monako”ya 0:3, “Anji” (hər ikisi Fransa) və “Benfika”ya (Portuqaliya) eyni – 0:1 hesabı ilə uduzub.