REGİONLAR


Qəbələ: məktəblilər vətənpərvərlik mövzusunda çəkilmiş “Cavadxan” filminə baxıblar

Qəbələ, 16 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Noyabrın 16-dan 19-dək respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün nəzərdə tutulan “Ölkəmizi tanıyaq” adlı növbəti maarifləndirici tur-aksiyaya start verilib.

AZƏRTAC xəbər verir ki, Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Göygöl, Tovuz, Ağdaş və Füzuli məktəblilərindən ibarət 10 qrupun üzvləri noyabrın 16-da, günorta saatlarında Qəbələyə çatıblar.

Şagirdləri Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri qarşılayıb.

Rayondakı “Qafqaz Karvansaray” və “Qafqaz Sport” otellərinə yerləşən şagirdlər nahar etdikdən sonra Qəbələ ilə tanış olmağa başlayıblar. Ümumilikdə 400 şagird və onlara rəhbərlik edən müəllimlərin iştirakı ilə əvvəlcə Dəmiraparan çayının sahilində ağacəkmə aksiyası keçirilib. IDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən yaşıllaşdırma aksiyası zamanı məktəblilər 400-ə yaxın küknar, ağcaqayın və palıd ağacı əkərək, onları suvarıblar.

Gəzinti zaman şagirdlərə maarifləndirici xarakter daşıyan tur-aksiyanın əhəmiyyəti barədə geniş məlumat verilib. Bildirilib ki, onlar tur-aksiyanın proqramına uyğun olaraq, noyabrın 16-19-da Qəbələ, Şəki və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəniyyət abidələri, coğrafiyası, turizm obyektləri, muzeyləri ilə tanış olacaqlar.

Qəbələyə səfərin ilk günü şagirdlərin marağına səbəb olan məkanlardan biri də Nohur gölü olub. Sıx meşəlik və dağlıq ərazidə yerləşən gölün ətrafında gəzintiyə çıxan məktəblilər xatirə şəkilləri çəkdiriblər. Sonra Yengicə kəndindəki “Zoopark”a ekskursiya edən şagirdlərə burada bəslənilən heyvanlar barədə ətraflı məlumat verilib.

Sonra tur-aksiya iştirakçıları üçün axşam saatlarında Qəbələ Mədəniyyət Mərkəzində vətənpərvərlik mövzusunda çəkilmiş “Cavadxan” filmi nümayiş olunub. Film şagirdlərin böyük marağına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.