REGİONLAR
Qəbələ məktəbliləri 20 Yanvar şəhidlərinin xatirəsini anıblar
Qəbələ, 16 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələdə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş “Şəhidlər unudulmur” mövzusunda şeir müsabiqəsinə yekun vurulub. Rayon Gənclər və İdman İdarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin final mərhələsində rayonun müxtəlif məktəblərini təmsil edən 20-dən çox yeniyetmə və gənc öz ifaçılıq məharətini nümayiş etdirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqənin yekun tədbirində rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov və təhsil şöbəsinin müdiri Arifə Bayramova çıxış edərək, 20 Yanvar hadisələrinin cinayətkar mahiyyəti, faciənin acı nəticələri barədə məlumat veriblər. Bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd şəhidliyin müqəddəs bir zirvə olduğunu, şəhidlərin əziz xatirəsinin heç vaxt yaddaşlardan silinməyəcəyini diqqətə çatdırmaq, eyni zamanda, yeniyetmə və gənclərin bədii yaradıcılıq potensialını üzə çıxarmaq, inkişaf etdirməkdir.
Müsabiqə iştirakçıları torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə, Milli qəhrəmanlarımıza, həmçinin vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər söyləyiblər.
Müsabiqənin yekun nəticələrinə əsasən, məktəblilərdən Kübra Maqsudova birinci, Zəhra Məmmədova və Fərid Möhübov ikinci, Nəzrin Musayeva, Selcan Rəfizadə və Nəzrin Məmmədova üçüncü yerə layiq görülüblər.
Qaliblər diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.