REGİONLAR
Qəbələ məktəbliləri Ulu Öndərin xatirəsinə həsr olunan yarışda biliklərini sınayıblar
Qəbələ, 6 may, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, rayon Təhsil Şöbəsinin dəstəyi ilə mayın 6-da Qəbələdə məktəb komandaları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş bilik yarışı keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.
Qəbələ şəhər 1 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə idarənin rəisi Fəxri Soltanov çıxış edərək, ulu öndər Heydər Əliyevin Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi naminə gördüyü işlərdən danışıb. Bildirilib ki, təşkil olunan bu cür yarışlar gənclərin intellektual səviyyəsinin yüksəldilməsində, bilik və bacarıqlarının artırılmasında müstəsna əhəmiyyət kəsb edir.
Əsasnaməyə uyğun olaraq, bilik yarışı Azərbaycan dili-ədəbiyyat, tarix, riyaziyyat-həndəsə, coğrafiya, biologiya və kimya fənləri üzrə keçirilib. Suallar münsiflər heyəti tərəfindən hazırlanaraq yazılı şəkildə komandalara təqdim edilib və komanda üzvlərindən biri sualı yazılı şəkildə cavablandırıb.
Yekun nəticələrə əsasən, Qəbələ şəhər 5 saylı tam orta məktəbin komandası Bilik yarışının qalibi olub. Şəhər 1 və 4 saylı tam orta məktəblərin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Qalib komandalara rayon Gənclər və İdman İdarəsinin kubok və diplomları təqdim edilib.