REGİONLAR
Qəbələ rayonu üzrə tibbi müayinələrə 65 mindən çox sakin cəlb olunub
Qəbələ, 17 may, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, əhalinin kütləvi tibbi müayinədən keçirilməsi aksiyası Qəbələ rayonunda da mütəşəkkil qaydada başa çatıb. Fevralın 12-də başlanan aksiyadan 65 mindən çox vətəndaş yararlanıb. Tibbi müayinələrə rayonun 64 yaşayış məntəqəsinin əhalisi, o cümlədən 92 idarə, müəssisə və təşkilatda çalışanlar cəlb olunublar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, tibbi müayinələr rayon mərkəzi xəstəxanası, Müalicə Diaqnostika Mərkəzi, eləcə də qəsəbə və kənd tibb məntəqələrində əvvəlcədən müəyyənləşdirilmiş cədvəl əsasında keçirilib. Müayinələrə təcrübəli həkim və orta tibb işçiləri cəlb olunub.
Tibbi müayinədən keçənlərin 3049 nəfərinə ambulator müalicə təyin edilib, 325 nəfər stasionar müalicəyə cəlb olunub, 105 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Daha ciddi müayinə və müalicəyə ehtiyacı olan 165 nəfər Bakı şəhərinin ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Müayinədən keçən insanlar onlar üçün yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.