İQTİSADİYYAT


Qəbələ rayonunda Bunud-Həzrə avtomobil yolu yenidən qurulub VİDEO

Bakı, 18 avqust, AZƏRTAC

Ölkə ərazisində yol infrastrukturunun yenidən qurulması ilə bağlı tərtib edilmiş tədbirlər planına uyğun olaraq, Qəbələ rayonunda uzunluğu 5,5 kilometr olan yerli əhəmiyyətli Bunud-Həzrə avtomobil yolunun yenidən qurulması yekunlaşıb.

Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, torpaq və çınqıl örtüklü avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol örtüyündə əmələ gələn çalalar, çökmələr və qabarmalar istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlərə səbəb olurdu.

Sadalanan qüsurların aradan qaldırılması üçün AAYDA tərəfindən aparılan tikinti işləri ilə IV texniki dərəcəyə uyğun yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.

“İnşaat Norma və Qaydaları”na uyğun aparılan işlər çərçivəsində yolboyu yararsız quruntun qazılması, torpaq yatağının genişləndirilməsi, yeni dəmir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikilməsi həyata keçirilib.

Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra lazımi hündürlükdə optimal qum-qırmadaş qarışığından yol əsasının tikintisi, yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Yenidənqurma işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılıb.

Qeyd edək ki, analoji yenidənqurma işləri Qəbələ rayonu ərazisində Zarağan-Aydınqışlaq (3,8 kilometr), Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı (10,5 kilometr) və Şamlı-Tola (6,3 kilometr) avtomobil yollarında da davam edir.

Hazırda Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı yolunda asfaltlanma işləri görülür.

Beləliklə ümumi uzunluğu 26 kilometrdən çox olan və 13 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən bu yolların yenidən qurulması gediş-gəlişin rahatlaşmasına, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.