REGİONLAR
Qəbələ rayonunda Bunud-Həzrə avtomobil yolunun yenidən qurulması yekunlaşır VİDEO
Bakı, 1 avqust, AZƏRTAC
Ölkə ərazisində yol infrastrukturunun yenidən qurulması ilə bağlı tərtib edilmiş tədbirlər planına uyğun olaraq, Qəbələ rayonunda uzunluğu 5.5 kilometr olan yerli əhəmiyyətli Bunud-Həzrə avtomobil yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, aparılan tikinti işləri ilə IV texniki dərəcəyə uyğun yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.
“İnşaat Norma və Qaydaları”na uyğun aparılan işlər çərçivəsində yol boyu yararsız qruntun qazılması, torpaq yatağının genişləndirilməsi, yeni dəmir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikilməsi işləri həyata keçirilib.
Texnoloji ardıcıllığa uyğun olaraq, daha sonra lazımi hündürlükdə optimal qum-qırmadaş qarışığından yol əsasının tikintisi işləri görülüb. Hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələ üzrə icra olunur.
Yenidənqurma işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Qeyd olunub ki, analoji yenidənqurma işləri Qəbələ rayonu ərazisində Zarağan-Aydınqışlaq (3.8 kilometr), Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı (10.5 kilometr) və Şamlı-Tola (6,3 kilometr) avtomobil yollarında da aparılır. Sözügedən yollarda artıq torpaq işləri yekunlaşıb.
Beləliklə, ümumi uzunluğu 26 kilometrdən çox olan və 13 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən bu yolların yenidən qurulması gediş-gəlişin rahatlaşmasına gətirib çıxaracaq.