REGİONLAR
Qəbələ rayonunda Milli Qəhrəman, general-mayor Polad Həşimovun xatirəsi anılıb
Qəbələ, 26 iyul, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün keçirilən “Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçıları Qəbələ rayonunda Milli Qəhrəman, general-mayor Polad Həşimovun xatirəsini anıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iştirakçılar şəhid generalın doğulduğu Vəndam qəsəbəsində yerləşən abidə kompleksinin önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Anım mərasimində Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən ordu quruculuğundan, 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi qələbədən bəhs edilib, milli qürur mənbəyimiz olan general-mayor Polad Həşimovun qəhrəmanlığından söz açılıb.