CƏMİYYƏT
Qəbələ rayonunda baş verən yanğının söndürülməsi üçün tədbirlər fasiləsiz davam etdirilir VİDEO
Bakı, 12 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələ rayonunda baş vermiş yanğınla bağlı yeni məlumat yayıb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən gün səhər saatlarında Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.
Hazırda davam etdirilən yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, həmçinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup kənd sakini də iştirak edir.
Relyefin mürəkkəbliyi və havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də, yanğınla mübarizə tədbirləri fasiləsiz davam etdirilir.