REGİONLAR
Qəbələ rayonunda koronavirusa qarşı dezinfeksiya işləri davam etdirilir
Qəbələ, 20 iyun, Mustafa Dadaşov, AZƏRTAC
COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Qəbələ rayonu ərazisində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Qəbələ şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 20-də Qəbələ şəhərində növbəti dəfə dezinfeksiyaedici tədbirlər həyata keçirilib. Şəhərdəki çoxmənzilli binaların giriş blokları və pilləkənlər, gündəlik tələbat malları mağazalarının, apteklərin, iaşə obyektlərinin giriş-çıxışları və əraziləri təkrar dezinfeksiya olunub. Eyni zamanda, mobil qruplar və polis şöbəsinin əməkdaşları tərəfindən əhali arasında maarifləndirici söhbətlər aparılıb, onlara tibbi maskalardan istifadə, sosial məsafənin saxlanılması, sanitar-gigiyena qaydalarına riayət edilməsi tövsiyə olunub.