REGİONLAR
Qəbələ regional “ASAN xidmət” mərkəzində “Birlikdə yaşadaq” tədbiri keçirilib VİDEO
Qəbələ, 13 sentyabr, AZƏRTAC
Qəbələ regional “ASAN xidmət” mərkəzində “Birlikdə yaşadaq” tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində mərkəzdə “ASAN xidmət“ könüllüləri tərəfindən hazırlanmış incəsənət nümunələrinin sərgisi və satışı reallaşdırılıb.
Tədbirdə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, idarə və müəssisələrin rəhbər şəxsləri, sahibkarlar və digər qonaqlar iştirak ediblər.
“Birlikdə yaşadaq” tədbirinin keçirilməsinin məqsədi sərgi-satışdan toplanmış məbləğin “YAŞAT” Fonduna köçürülməklə şəhid ailələrinə və yaralananlara dəstək olmaqdır.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.