REGİONLAR
Qəbələ şəhərinin daxili yollarına yeni asfalt örtük çəkilir
Qəbələ, 24 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ şəhərinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər və yenidənqurma işləri davam etdirilir. Hazırda şəhərin əsas küçələrinə çıxan daxili yollara yeni asfalt örtük çəkilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq, indiyədək şəhərin Əhmədağa Bağırov küçəsində 486 metr, Cəfər Cabbarlı küçəsində 763 metr, Musabəyov küçəsində 470 metr, Səttərxan küçəsində isə 654 metr uzunluğunda daxili yollara yeni asfalt örtük çəkilib. Hazırda M.F.Axundzadə küçəsində 900 metrlik məsafədə asfalt örtüyün vurulması işləri aparılır.