REGİONLAR
Qəbələdə 10 yaşayış məntəqəsini əhatə edən yollar yenidən qurulub VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramına uyğun olaraq, Qəbələ rayonunda 25 kilometr uzunluğa malik və 4 istiqamət üzrə 10 yaşayış məntəqəsini əhatə edən yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması işləri yekunlaşıb. Bu, Bunud-Həzrə (5,3 kilometr), Zarağan-Aydınqışlaq (3,2 kilometr), Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı (10,4 kilometr) və Şamlı-Tola (6,1 kilometr) avtomobil yollarıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, torpaq və çınqıl örtüklü avtomobil yolları uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yol örtüyündə əmələ gələn çalalar, çökmələr və qabarmalar istər avtonəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlərə səbəb olurdu.
Sözügedən qüsurların aradan qaldırılması üçün agentlik tərəfindən aparılan tikinti işləri ilə IV texniki dərəcəyə uyğun yenidən qurulan yolların hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 9-10 metr təşkil edir.
“İnşaat Norma və Qaydaları”na uyğun aparılan işlər çərçivəsində yolboyu yararsız quruntun qazılması, torpaq yatağının genişləndirilməsi, yeni dəmir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikilməsi işləri həyata keçirilib.
Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra lazımi hündürlükdə optimal qum-qırmadaş qarışığından yol əsasının tikintisi, yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra edilib.
Yenidənqurma işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılıb.
Beləliklə, ümumi uzunluğu 25 kilometrdən çox olan və 13 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən bu yolların yenidən qurulması gediş-gəlişi asanlaşdıracaq.